Finlandiyanın Xarici İşlər Nazirliyi Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq İnkişaf Təşkilatı (IDA) xətti ilə Ukraynaya 50 milyon avro məbləğində kreditin verilməsini təsdiqləyib.
“Qasid Media” xəbər verir ki, bu barədə Ukrayna mediası Finlandiyanın Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Kredit IDA-nın yeni xüsusi maliyyələşdirmə proqramına – “SPUR 2.0″a (“Special Program for Ukraine Recovery 2.0”) yönəldiləcək ki, onun da məqsədi Ukraynanın bərpa və iqtisadi dirçəlişlə bağlı əhəmiyyətli ehtiyaclarının ödənilməsidir.
“Ukraynanın dəstəklənməsi Finlandiya üçün həm dəyərlər seçimi, həm də Avropanın təhlükəsizliyinə və sabitliyinə qoyulan investisiyadır. Rusiyanın səbəb olduğu dağıntılar əhəmiyyətlidir və beynəlxalq ictimaiyyət Ukrayna cəmiyyətinin dayanıqlığını təmin etmək və ölkəni bərpa etmək üçün dəstəyi davam etdirməlidir”, – Finlandiyanın xarici ticarət və inkişaf naziri Ville Tavio qeyd edib.
Dünya Bankının son qiymətləndirmələrinə görə, növbəti onillik ərzində Ukraynanın bərpası və dirçəldilməsi üzrə xərclər təqribən 588 milyard dollar təşkil edəcək.










