Çinin “CAS Space” şirkəti doqquz kosmik gəmini orbitə uğurla buraxıb.
“Qasid Media”nın xəbərinə görə, şirkət bu barədə “WeChat” rəsmi messencer səhifəsində məlumat verib.
Məlumatlara görə, buraxılış Çinin şimalındakı Szyuyuan kosmodromundakı “Dunfen” buraxılış meydançasından Pekin vaxtı ilə saat 12:03-də (Bakı vaxtı ilə saat 8:03) baş tutub. Aparatların işə salınması üçün “Kinetica-1” daşıyıcı raketindən istifadə edilib.
Missiya “Sinlin-01” və “Sinlin-02” optik Yer müşahidə peyklərini, “Pençen şoufa” peykini (peyk rabitəsini telekommunikasiya sistemləri ilə inteqrasiya etmək üçün texnologiyaların sınaqdan keçirilməsi üçün nəzərdə tutulub) və “Çaoçjisuan-1 peykini (məlumatları birbaşa orbitdə emal etmək qabiliyyətinə malikdir) orbitə çıxarıb.
Bundan əlavə, elektromaqnit spektrini izləmək üçün nəzərdə tutulmuş üç “Ditin-01” aparatı, həmçinin “Pusian-4” və “Yunsao Tanluçje” peykləri buraxılıb. Bütün kosmik aparatlar hədəf orbitlərinə müntəzəm daxil olub.
“Kinetica-1” raketi diametri 3,35 metr olan yük qaldırıcısı olan dördpilləli bərk yanacaqlı raketdir. Raketin uzunluğu 31 metrdir və Yer kürəsinin aşağı orbitinə 2 tona qədər (Günəş-sinxron orbitə 1,5 tona qədər) yük daşıma qabiliyyətinə malikdir. Bu, raketin istismar tarixində 16-cı, 2026-cı ildə isə 5-ci buraxılış olub.










