Başqırdıstanın Sterlitamak şəhərində (Rusiya) “Solneçnıy” ticarət mərkəzində baş verən yanğında 4 nəfər ölüb, daha 4 nəfər yaralanıb.
“Qasid Media” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
“2100 kv.m sahədə yanğının lokallaşdırıldığı elan edilib. Dəqiqləşdirilmiş məlumatlara görə, 8 nəfər xəsarət alıb, onlardan 4-ü həlak olub, 4-ü isə xəstəxanaya yerləşdirilib”, – məlumatda bildirilib.
Yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Xilasedicilər binadan 17 nəfəri, o cümlədən bir uşağı təxliyə ediblər.
Yanğının söndürülməsində 47 nəfər və 16 texnika iştirak edir. Binanın mürəkkəb planlaması və konstruktiv xüsusiyyətləri, eləcə də alov və tüstünün yayılmasına şərait yaradan yanğın xilasedicilərin işini çətinləşdirir.










