Ermənistan Gümrüdəki 102-ci Rusiya hərbi bazasını ölkə ərazisindən çıxarmaq niyyəti barədə Rusiyadan heç bir məlumat almayıb.
“Qasid Media” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə parlamentin sədr müavini Vaaqn Aleksanyan bildirib.
“Bildiyimə görə, nə Ermənistan Respublikası, nə Müdafiə Nazirliyi, nə Xarici İşlər Nazirliyi, xüsusən də parlament Rusiyadan belə bir müraciət (102-ci bazanın çıxarılması barədə – red.), nə də Rusiya Federasiyasının hərbi bazanı çıxarmağa hazırlaşdığı barədə bir məlumat və ya məruzə almayıb”, – Aleksanyan deyib.
O qeyd edib ki, əgər Rusiya tərəfi hərbi bazanı çıxarmaq istəyərsə, o zaman bu məsələni müzakirə etmək mümkün olacaq.
“Əgər onlar hərbi bazanı çıxarmaq istəyirlərsə, biz bunu anlaya və müzakirə edə bilərik. Yaxın vaxtlarda müraciət edib-etməyəcəklərini bilmirəm. Əgər onlar hərbi bazanı çıxarmaq istəyirlərsə, bu barədə elan etməlidirlər”, – Aleksanyan bildirib.










