Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp sentyabrın 8-də telefon danışığı zamanı Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Rusiya-ABŞ-Çin üçtərəfli sammitinin keçirilməsi imkanlarını müzakirə ediblər.
“Qasid Media” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə bir üçtərəfli görüşün keçirilməsi potensial olaraq mümkündür.
D.Peskov Rusiya-Ukrayna münaqişəsi ətrafındakı vəziyyəti və ABŞ dövlət katibi Marko Rubionun dəqiq “yol xəritəsi”nin formalaşdırılması ilə bağlı daha əvvəl səsləndirdiyi bəyanatı belə şərh edib: “Hələlik razılaşdırılmış nizamlanma proqramı və ya “yol xəritəsi” yoxdur.
“Biz ictimai formatda heç bir “bənd”i müzakirə etmək istəməzdik və etməyəcəyik. Xüsusilə də ona görə ki, hazırda hər hansı dəqiq proqramlar və ya yol xəritələri yoxdur”, – Peskov bildirib.
Qeyd edək ki, sammitin noyabrın 18–19-da Çinin Şençjen şəhərində keçirilməsi planlaşdırılır.










