Münaqişə fonunda azyaşlıların radikal dini təbliğatın təsiri altına düşməsi ilə bağlı narahatlıqlar artır.
“Qasid Media” xəbər verir ki, Bakıda yerləşən məktəblərdən birində çəkilmiş görüntülərdə şagirdlərin təhsil müəssisəsinin şüşələrini sındırması əks olunub.
Görüntülərdə məktəbin şüşələrini sındıranlar arasında dini məsələlərlə bağlı müstəqil qərar vermək yaşında olmayan uşaqların da yer aldığı görünür. Bu vəziyyət azyaşlıların ideoloji təsirlərə məruz qalması və onlardan müəyyən məqsədlər üçün istifadə olunması ehtimalını gündəmə gətirir.
Uşaqlara yönələn radikal təbliğat onların yaşlarına uyğun olmayan davranışlar nümayiş etdirməsinə və aqressiv hərəkətlərə meyil göstərməsinə səbəb ola bilər. Məktəbdə baş verənlər isə təhsil müəssisələrinin təhlükəsizliyi və uşaqların hansı təsirlərlə üzləşməsi məsələsini yenidən aktuallaşdırır.
Görüntülərdə məktəbin şüşələrini sındıran uşaqlarla yanaşı, yetkin şəxslərin də olduğu görünür. Onların uşaqları sakitləşdirmək əvəzinə hərəkətlərini təşviq etməsi ilə bağlı görüntülər də diqqət çəkir.
Təhsil müəssisəsinə zərər vurulması ilə nəticələnən bu hadisədə azyaşlıların davranışlarının arxasında hansı səbəblərin dayandığının araşdırılması vacibdir. Uşaqların belə proseslərə cəlb olunması onların təhlükəsizliyi və gələcək inkişafı baxımından ciddi narahatlıq doğurur.









