Bavariyanın Oberdinq şəhərində polis Münhen hava limanı yaxınlığında pumanın göründüyü barədə daxil olan müraciətlərdən sonra sakinləri diqqətli olmağa çağırıb.
“Qasid Media” “DW”yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları yerli sakinlərə uşaqları və kiçik ev heyvanlarını çölə buraxmamağı tövsiyə edib.
Bildirilir ki, polis heyvanın bir fotosunu əldə etsə də, hələlik onu ictimaiyyətə təqdim etməyib. Ekspertlərin ilkin qiymətləndirməsinə görə, heyvan puma ola bilər.
Yerli hakimiyyət orqanları heyvanın haradan gəldiyinin hələlik məlum olmadığını bildiriblər. Ərazidə hazırda heç bir sirk fəaliyyət göstərmir. Yerli polisin hansı tədbirləri görəcəyi də hələlik məlum deyil.
Hakimiyyət orqanları heyvanın yeri və ya mənşəyi barədə məlumatı olan hər kəsi dərhal polisə xəbər verməyə çağırıblar.










