Albaniyanın paytaxtı Tiranada Adriatik dənizi sahilindəki təbiəti mühafizə zonasında böyük turizm kompleksinin tikintisi planlarına görə başlayan hökumət əleyhinə aksiyalar ardıcıl 130-cu gündür ki, keçirilir.
“Qasid Media” ATA agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları hökumət binasına doğru istiqamətləniblər.
Etirazçılar baş nazir Edi Ramanın istefasını, seçki qanunvericiliyinin dəyişdirilməsini və mühafizə olunan təbii ərazilər haqqında qanuna edilən düzəlişlərin ləğvini tələb edirlər.
Aksiyalar mayın sonlarında inşaatçıların kurort tikintisi üçün ayrılmış ərazini tikanlı məftillə hasarlayaraq çimərliyə girişi məhdudlaşdırmasından sonra başlayıb. Etirazlara ekoloji təşkilatlar da qoşulub.
Sözügedən təbiəti mühafizə zonasında məskunlaşan çəhrayı flaminqolar aksiyaların simvollarından birinə çevrilib və bununla əlaqədar etiraz hərəkatı bir sıra Qərb mediasında “flaminqo inqilabı” adını alıb.
Albaniya hakimiyyəti etirazlara baxmayaraq, layihəni həyata keçirmək niyyətində olduğunu bildirib.










