ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, onun tərəfdarları qarşısında çıxışlarını yarımçıq kəsən etirazçılara bu cür aksiyalarda iştiraka görə pul ödəyirlər.
“Qasid Media” xəbər verir ki, bu barədə Amerika lideri Texas ştatında nümayişçilər tərəfindən dəfələrlə yarımçıq kəsilən çıxışı zamanı bildirib.
“Mən sizə deyirəm, onlara buna görə pul ödəyirlər”, – mühafizəçilər etirazçılardan birini zaldan çıxardıqdan sonra Tramp deyib.
Növbəti 15 dəqiqə ərzində prezidentin çıxışı daha beş dəfə yarıda kəsilib.
“Əgər etirazçılardan daha kimsə varsa, lütfən, əlini qaldırsın və cəhənnəm olsun buradan”, – o, toplaşanlara müraciət edib.
Tramp bu cür aksiyaların təşkilində Demokratik Partiyanı günahlandırıb, lakin öz iddialarına dair sübut təqdim etməyib.
Prezident həmçinin demokratların fəaliyyətini tənqid edərək onların hakimiyyətə gəlməsinin cinayətkarlığın artmasına və şəhərlərdə vəziyyətin pisləşməsinə gətirib çıxardığını bildirib.
Onun sözlərinə görə, əgər ştatın idarəçiliyi demokratlara keçərsə, Texası ciddi tənəzzül gözləyir.










