Miqrantların İspaniyanın Seuta anklavına kütləvi şəkildə daxil olması insan alverçilərinin İspaniya Ali Məhkəməsinin miqrantların ölkədən çıxarılması ilə bağlı son qərarını çaşdırıcı şəkildə şərh etmələrinin nəticəsi olub.
“Qasid Media”nın məlumatına görə, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes Şimali Afrika anklavına səfəri zamanı jurnalistlərə bildirib.
Hökumət başçısının sözlərinə görə, cinayətkar qruplaşmalar miqrantlar arasında Seutaya üzərək gələn insanların dərhal sərhəddən geri qaytarıla bilməyəcəyi barədə məlumat yayıblar, çünki belə hallarda sərhəd xəttinin fiziki olaraq keçilməsi baş vermir:
“Görünür, Ali Məhkəmənin qərarının bu cür şərhi son saatlarda insan alveri ilə məşğul olan mafiya şəbəkələri vasitəsilə meşə yanğını kimi yayılıb və dünən gördüyümüz miqyasda axına səbəb olub”.
Jurnalistlərin suallarını cavablandırarkən P.Sançes vəziyyətə görə məsuliyyəti Mərakeşin üzərinə qoymayıb və Rabatla, habelə miqrantların digər mənşə və tranzit ölkələri ilə əməkdaşlığın qorunub saxlanılmasının vacibliyini qeyd edib:
“Əgər biz mafiya ilə mübarizə aparmaq və qanunsuz miqrasiyanı azaltmaq istəyiriksə, mənşə və tranzit ölkələri ilə əməkdaşlıq etməliyik. Miqrantların qaytarılmasının sürətləndirilməsi üçün Mərakeşlə qarşılıqlı fəaliyyət mühüm olaraq qalır”.




