Shopping cart

  • Home
  • İqtisadiyyat
  • Qızıla yatırım nə dərəcədə sərfəlidir? – İqtisadçıdan RƏY
İqtisadiyyat

Qızıla yatırım nə dərəcədə sərfəlidir? – İqtisadçıdan RƏY

Email 56

Qızıla yatırım hər zaman gəlir vəd etmir. Qiymətli metalın bazar dəyərinin dəyişməsi investorların maliyyə itkisi ilə üzləşməsinə səbəb ola bilər. İqtisadçı Xalid Kərimli qızıla investisiyanın riskləri, eləcə də bu sahədə diqqət edilməli məqamlarla bağlı fikirlərini bölüşüb.

İqtisadçı bildirib ki, qızıl da digər investisiya alətləri kimi risk daşıyır və onun gəlir gətirəcəyinə zəmanət yoxdur.

“Qızıl da bütün investisiya alətləri kimi risk daşıyır. Yəni qızıla yatırılan vəsaitin 100 faiz əminliklə gəlir gətirəcəyi anlayışı yoxdur”, – deyə Xalid Kərimli qeyd edib.

Onun sözlərinə görə, ilin əvvəlindən qızıla yatırım edən investorlar təxminən 5 faizədək gəlir itkisi ilə üzləşə bilərdilər. Bununla belə, iqtisadçı investisiya portfelində qızıla da müəyyən pay ayrılmasını məqsədəuyğun hesab edir.

Xalid Kərimli vurğulayıb ki, qızıl dividend və ya faiz gəliri gətirmir. Bu investisiyadan əldə edilə biləcək gəlir əsasən onun qiymətinin artmasından asılıdır. Dünya bazarlarında qiymətlərin dəyişməsi isə müxtəlif amillərlə bağlıdır.

“Qızıla yatırımın ən böyük riski nəzərdə tutduğumuz qiymət artımının baş verməməsi və ya qiymətin azalmasıdır. Bu halda qoyduğumuz vəsaitin ilkin dəyərini itirə bilərik”, – deyə iqtisadçı bildirib.

O, qızılı zinət əşyası formasında almağın investisiya məqsədi üçün uyğun seçim olmadığını da diqqətə çatdırıb. İqtisadçının fikrincə, zinət əşyalarının sonradan satılması zamanı alıcı tapmaq və məhsulu sərfəli qiymətə satmaq çətinləşə bilər. Dəbin dəyişməsi və alıcının zövqü də satış qiymətinə təsir göstərə bilər.

Xalid Kərimli qızıla yatırım etmək istəyənlərə külçə və ya sikkə formasında qızıl almağı, alternativ olaraq isə qızılın qiymətini izləyən qiymətli kağızları nəzərdən keçirməyi tövsiyə edib.

Qeyd edək ki, qızıla investisiya qərarı verərkən bazardakı qiymət dəyişiklikləri, alış-satış xərcləri və mümkün maliyyə itkiləri nəzərə alınmalıdır.

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər