Əgər Oman İranın təklifini qəbul etməsə, Hörmüz boğazı bağlı qalacaq.
“Qasid Media” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.
O bildirib ki, Omanla Hörmüz boğazında müvəqqəti marşrut barədə müzakirə aparılması təklif edilib və əgər razılaşma əldə olunarsa, bu, boğazdakı şimal və cənub marşrutunu əvəz edəcək.
Qəribabadinin sözlərinə görə, Oman boğaza nəzarətin yarı-yarıya təşkil olunmasını təklif edib, lakin İran bunu qəbul etməyib.
“Biz dedik ki, giriş marşrutu tamamilə və çıxış marşrutunun isə bir hissəsi İranın ixtiyarında qalsın. Əgər bunu qəbul etsələr, növbəti mərhələyə keçəcəyik. Biz boğazın cənub marşrutunu rəsmən tanımırıq”, – XİN başçısının müavini vurğulayıb.
O, İranın başqa heç bir formulu qəbul etmədiyini xüsusilə diqqətə çatdırıb.
Daha əvvəl İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi barədə müzakirələr keçirildiyi barədə məlumat verilmişdi.




