Shopping cart

  • Home
  • Gündəm
  • Azərbaycanda 100 milyon manatdan artıq kredit dələduzluğu iddiası – bir neçə nəfər həbs edilib
Gündəm

Azərbaycanda 100 milyon manatdan artıq kredit dələduzluğu iddiası – bir neçə nəfər həbs edilib

Email 23

Azərbaycanda 100 milyon manatdan artıq kredit dələduzluğu iddiası – bir neçə nəfər həbs edilib

Azərbaycanda dövlətə məxsus “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC-dan kənd təsərrüfatının maliyyələşdirilməsi adı ilə ayrılan 100 milyon manatdan artıq vəsaitin mənimsənilməsi iddiası ilə bağlı cinayət işi üzrə əməliyyat keçirilib.

Qasid Media xəbər verir ki, Qafqazinfonun yaydığı məlumata əsasən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov, eləcə də onlarla əlbir olmaqda şübhəli bilinən Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıblar.

İlkin istintaqın versiyasına görə, təqsirləndirilən şəxslər kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dan ümumilikdə 100 milyon manatdan artıq kredit əldə ediblər. Araşdırmalar zamanı həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmadığı, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edildiyi müəyyən olunub.

Faktla bağlı saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İş üzrə “Aqrarkredit” QSC-nin sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır. İstintaq materiallarında həbs edilən şəxslərin onunla əlbir olaraq xüsusilə külli miqdarda dələduzluq cinayəti törətdikləri iddia olunur. Bildirilir ki, saxlanılanlardan Tofiq Musayev onun qardaşı oğlu, Fazil Rüstəmov isə vaxtilə müavini olub.

Qeyd edək ki, “Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı QSC-nin səhmləri tamamilə dövlətə məxsusdur. Qurumun əsas fəaliyyət istiqaməti sahibkarlıq subyektlərinin, xüsusilə regionlarda fəaliyyət göstərən bizneslərin maliyyələşdirilməsi və güzəştli kreditlərin verilməsidir. Məmməd Musayev 2001–2025-ci illərdə quruma rəhbərlik edib. O, Sahil Babayev maliyyə naziri təyin olunduqdan bir müddət sonra vəzifəsindən kənarlaşdırılıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər