Shopping cart

  • Home
  • Manşet
  • Arzum9999-un ev dustaqlığı: Qanun nə deyir? 
Gündəm

Arzum9999-un ev dustaqlığı: Qanun nə deyir? 

Email 319

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə görə məhkum edilən bloger Arzum9999-un apellyasiya baxışı zamanı ev dustaqlığına buraxılması ictimai müzakirələrə səbəb olub. Bəs bu qərar nə deməkdir? Ev dustaqlığı hansı hallarda tətbiq olunur və bu, hökmün dəyişdirilməsi anlamına gəlirmi?

Məsələ ilə bağlı hüquqşünas Emil Aslanov bildirib ki, ev dustaqlığı məhkəmənin yekun qərarı deyil, cinayət işi üzrə araşdırma başa çatanadək tətbiq olunan qətimkan tədbiridir.

“Ev dustaqlığı yekun hökm deyil. Bu, məhkəmə araşdırması başa çatanadək tətbiq olunan həbs qətimkan tədbirinə alternativ tədbirdir. Məhkəmə istintaqı davam etdiyi müddətdə şəxsin ev dustaqlığında qalmasına qərar verə bilər”, – deyə hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsasən, ev dustaqlığında olan şəxsə müxtəlif məhdudiyyətlər tətbiq edilə bilər. Bunlara yaşayış yerini tərk etməmək, ölkədən çıxışa qadağa, məhkəmənin müəyyən etdiyi ərazidən kənara getməmək, eləcə də bəzi hallarda sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması daxildir.

“Ev dustaqlığında olan şəxsə ölkədən çıxış qadağası qoyula, sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırıla və müəyyən saatlardan sonra evdən çıxmamaq kimi öhdəliklər müəyyən edilə bilər. Bunlar qanunvericiliyin tələblərinə uyğundur”, – Emil Aslanov vurğulayıb.

Hüquqşünas bildirib ki, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi üçün məhkəmə şəxsin davranışını və iş üzrə riskləri qiymətləndirir.

“Əgər məhkəmə əmin olarsa ki, şəxs istintaqdan yayınmayacaq, məhkəmənin çağırışlarına vaxtında gələcək, daimi yaşayış yeri var və onun həbsdə saxlanılmasına zərurət yoxdur, bu halda ev dustaqlığı tətbiq oluna bilər”, – deyə o əlavə edib.

Emil Aslanov vurğulayıb ki, şəxsin tanınmış sima olması hüquqi qiymətləndirməyə təsir göstərməməlidir.

“Qanun qarşısında hamı bərabərdir. Şəxsin tanınmış və ya tanınmamış olması məhkəmə qərarına hüquqi baxımdan təsir etmir”, – hüquqşünas bildirib.

O, həmçinin qeyd edib ki, məhkəmə yekun qərar qəbul edərkən iş üzrə bütün sübutları və mövcud halları qiymətləndirəcək. Əgər qanunvericilikdə nəzərdə tutulan yüngülləşdirici hallar mövcuddursa, onlar da nəzərə alına bilər. Bununla belə, yekun nəticə yalnız məhkəmənin qərarı ilə müəyyənləşəcək.

“Hazırkı ev dustaqlığı qərarı müvəqqəti xarakter daşıyır. Məhkəmə sonda bəraət verə, cəzanı azalda və ya əvvəlki hökmü qüvvədə saxlaya bilər. Bunu yalnız yekun məhkəmə qərarı müəyyən edəcək”, – deyə Emil Aslanov fikrini tamamlayıb.

Əlaqəli Etiketlər

Şərh yazın

Your email address will not be published. Required fields are marked *

Əlaqəli Xəbərlər